Azərbaycan Dillər Universitetində Çinin ali təhsil sistemi ilə bağlı seminar təşkil edilib

https://azertag.az

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çində təhsilin xüsusiyyətləri və ali təhsil sistemi” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin magistri, Çinin Renmin Universitetinin doktorantı Katana Qafarova Çində müasir ali təhsil sistemi, qəbul tələbləri və ölkənin ali məktəblərinə sənəd qəbulu prosesindən, xarici tələbələr üçün təqaüd və qrant növlərindən, o cümlədən Çin hökumətinin qrantlarından danışıb.

K.Qafarova qeyd edib ki, dünyanın 300 ən yaxşı universitetinin reytinqinə daxil olan Çin universitetlərinin bir neçəsi beynəlxalq təhsil standartlarına malikdir. Bu təhsil ocaqlarının laboratoriyaları və kitabxanaları olduqca yüksək səviyyədə təchiz olunub. Çin universitetləri elmi nəşrlərinin sayına görə dünya lideridir, həmçinin beynəlxalq mübadilələrin və elmi əməkdaşlığın inkişafında fəal iştirak edirlər.

O, Çin universitetlərində hər bir əcnəbi tələbə üçün təhsil prosesinin tərkib hissəsi olan Çin dili kursları haqqında məlumat verib. Həmçinin Çinin ən nüfuzlu Renmin Universitetində təhsil almaqla bağlı şəxsi təcrübəsini bölüşüb, ölkənin qədim mədəniyyəti ilə tanış olmaqla yanaşı, Çində praktiki iş bacarıqları əldə etmək imkanlarından, o cümlədən standartlaşdırılmış Çin ixtisas imtahanından keçmək təcrübəsindən danışıb.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov son illər Çin universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının xeyli artdığını, təqaüd proqramlarının mübadiləsinin genişləndiyini, Azərbaycanla Çin arasında təhsil sahəsində bir sıra əməkdaşlıq müqavilələrinin imzalandığını qeyd edib. R.Abbasov 2015-ci ildə Çin Xalq Respublikasında dövlət səfərində olan zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimini də xatırladıb.