Çinin paytaxtı Pekin şəhərində “Qlobal inkişaf: Müştərək missiya və zəruri fəaliyyət” mövzusunda beyin mərkəzləri və media forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinqin təbrik məktubu ilə açılan forumda Nobel mükafatçıları da daxil olmaqla 60-dan çox ölkədən 200-dən çox nümayəndə iştirak edib. Çin Dövlət Şurası Mətbuat Departamenti və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən forumun ikigünlük gündəliyinə salınan iqtisadiyyatın bərpası, yoxsulluğun aradan qaldırılması və inklüziv inkişaf, texnoloji innovasiya və dayanıqlı inkişaf, qlobal əməkdaşlıq və birgə uğur kimi mövzular panel iclaslarda müzakirə olunub.
Forumda Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, eləcə də Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev öz məruzəsində Azərbaycan ilə Çin arasında elm, təhsil və innovasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.
Şahin Cəfərov