Azərbaycan Dillər Universitetində qədim Çin poeziyası ilə bağlı seminar keçirilib

https://azertag.az

“Çin: cəmiyyət və mədəniyyət” onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Şi-Tszin” — Çin xalqının poetik abidəsi” mövzusunda seminar keçirib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. R.Abbasov qeyd edib ki, “Şi-Tszin” (“Mahnılar kitabı”) traktatı dünyada ilk şeir toplularından biri, adət-ənənələr və ayinlər ensiklopediyası və qədim Çinin nadir tarixi salnaməsidir. Erkən Çin poeziyasının bədii sənətkarlıq abidəsi olan bu klassik kanon çinlilərin etnik kimliyinin əsasını təşkil edir. Kitaba Konfutsi tərəfindən seçilmiş 305 poetik əsər daxildir. “Şi-Tszin”in mahnı və himnləri böyük idealları tərənnüm edir, mühüm tarixi hadisələrdən, ailə dəyərlərindən, sadə insanların həyat təcrübələrindən, ədalətli hakimiyyət qanunlarından xəbər verir. O, “Şi-Tszin” kanonunun kompozisiya xüsusiyyətlərindən, ifadə üsullarından və bədii vasitələrindən, o cümlədən mürəkkəb qafiyə sistemlərindən bəhs edib.

R.Abbasov “Şi-Tszin”in 4 hissəsinin məzmunu barədə də seminar iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, “Krallıq əxlaqı” adlı birinci hissəyə Çin xalqının məhəbbət, əmək, ritual və hərbi nəğmələri daxil edilib. İkinci və üçüncü hissələrdə — “Kiçik qəsidələr” və “Böyük qəsidələr”də əsasən saray şairlərinin hökmdarların, sərkərdələrin və qəhrəmanların şücaət və əməllərini tərənnüm edən əsərləri yer alıb. “Şi-Tszin”in dördüncü hissəsi “Himnlər”dən – qədim Çinin müdrik padşahlarının, xüsusən Çjou sülaləsinin banisi Ven Vanın şərəfinə təntənəli və tərifli məbəd tərənnümləri və ilahilərdən ibarətdir.