Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində 262 saylı tam orta məktəbdə yenidən qurulmuş futbol və basketbol meydançaları şagirdlərin istifadəsinə verildi. Millət vəkili Soltan Məmmədov çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə yüzlərlə məktəb tikilib, bir çox məktəblər əsaslı təmir olunub.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Min Azərbaycanla Çin arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını vurğuladı. Səfir bu cür layihələrin iki ölkə arasında münasibətlərin inkişafına töhfə olduğunu qeyd etdi:
“Bu gün Çinin Azərbaycandakı səfirliyi adından Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq nəticəsində 262 nömrəli tam orta məktəbdə idman meydançasının yenidən qurma mərasimində iştirak etdiyimə görə çox şadam. Bu bizim Heydər Əliyev Fondu ilə artıq neçənci layihəmizdir ki məktəblərdə idman meydançalarının yenidən qurulmasını və əsaslı təmirini həyata keçiririk. Bu il Azərbaycan-Çin diplomatik münasibətlərinin 30 illiyi qeyd olunur. Bu münasibətlə belə layihələrin keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin daha da yaxşılaşmasına və irəli getməsinə şərait yaradır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdılar və ölkəmizdə idmana göstərilən xüsusi qayğının önəmindən bəhs etdilər. Bakı şəhərində və respublikanın regionlarında yeni məktəblər tikilib, bir sıra təhsil müəssisələri əsaslı təmir olunub.
Məktəbin şagirdləri yaradılan şəraitə və idmana göstərilən diqqət qayğıya görə Heydər Əliyev fonduna təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının birgə əməkdaşlığı çərçivəsində əsaslı şəkildə yenidən qurulan futbol və basketbol meydançaları tam təmir olunub, süni ot örtüyü salınıb, müvafiq avadanlıq və qurğular yerləşdirilib.